2025-ci ildə “Bitcoin”in məzənnəsi necə olacaq?
BiznesTV Oxu.Az-a istinadən xəbər verir ki, bu proqnozu Gazeta.ru-ya Bitget Researchün aparıcı analitiki Rayan Li verib.
“Bitcoin” 100 min dollar səviyyəsini keçərək əvvəlcə 110 min dollar, daha sonra isə 120 min dollar səviyyəsində müqaviməti qırmağa çalışacaq. Optimist ssenariyə görə, 2025-ci ilin birinci rübündə “Bitcoin” 120 min dollara çata bilər. Mülayim ssenari isə məzənnənin 110 min dollara qədər artacağını nəzərdə tutur. Pessimist ssenariyə əsasən isə “Bitcoin” 90 min dollaradək enə bilər”, – deyə analitik bildirib.
Li yanvarda, xüsusilə ABŞ Federal Ehtiyat Sistemi dekabrda keçiriləcək iclasında əsas faiz dərəcəsinin azaldılması barədə qərar qəbul edərsə, “Bitcoin”in məzənnəsinin artmaqda davam edəcəyini proqnozlaşdırır. Bundan əlavə, 2025-ci il yanvarın 20-də keçiriləcək ABŞ prezidentinin andiçmə mərasiminin “Bitcoin”ə müsbət təsir göstərə biləcəyi qeyd olunur. Analitik bildirir ki, Donald Tramp seçki kampaniyasında kriptovalyutalara dəstək verəcəyinə dair bəyanatlar səsləndirib və investorlar bu vədlərin həyata keçəcəyinə ümid edir. Nəticədə, yanvarın ikinci həftəsindən “Bitcoin” məzənnəsinin artması gözlənilir.
Ekspert əlavə edib ki, kriptovalyutalarla yeni məşğul olmağa başlayan investorlar üçün optimal strategiya müntəzəm olaraq bərabər məbləğdə aktivlərin alınmasıdır. Bu, bazar tərəddüdlərini hamarlayır və aktivlərin orta qiymətini optimallaşdırır.
Qeyd edək ki, dekabrın 5-də “Bitcoin”in məzənnəsi 103 322 dollar təşkil edib, lakin dekabrın 10-da bu rəqəm 97 min dollara düşüb.




