Azərbaycana 8 ildə 6 mindən çox elektrik mühərrikli nəqliyyat vasitəsi gətirilib
2017-2023-cü illərdə Azərbaycana 4 236 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib.
“Biznes TV” bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilərə istinadən xəbər verir.
Ölkəyə elektrikli nəqliyyat vasitələrinin idxalı 2017-ci ildə 88 ədəd, 2018-ci ildə 101 ədəd, 2019-cu ildə 132 ədəd, 2020-ci ildə 167 ədəd, 2021-ci ildə 160 ədəd, 2022-ci ildə 486 ədəd, 2023-cü ildə 3 102 ədəd təşkil edib.
Bu ilin yanvar-iyul aylarında isə ölkəyə 1 792 elektrik mühərrikli nəqliyyat vasitəsi gətirilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ildə Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 579 ədəd təşkil edib. Bunlardan 570-i minik avtomobili, 7-si avtobus, 2-si yük avtomobili olub. 2023-cü ildə isə ölkədə 3 115 minik avtomobili, 15 avtobus, 5 yük avtomobili olmaqla, ümumilikdə 3 135 elektriklə işləyən nəqliyyat vasitəsi qeydə alınıb.
2019-cu il yanvarın 1-dən Azərbaycanda elektrik mühərriklə işləyən nəqliyyat vasitələrinin idxalı, 2022-ci il yanvarın 1-dən isə satışı ƏDV-dən azad edilib.
Məlumat üçün deyək ki, bu gün dünyada 2020-ci ildən qeyd edilən Ümumdünya Elektrikli Avtomobillər Günüdür. Beynəlxalq Enerji Agentliyinin “Global EV Outlook 2024” hesabatına əsasən, 2023-cü ildə satılan təxminən hər beş avtomobildən biri elektromobil olub. Ötən il dünyada təxminən 14 milyon yeni elektrikli avtomobil qeydə alınıb və nəticədə elektromobillərin yollarda ümumi sayı 40 milyona çatıb.




