Aİ UKRAYNAYA 90 MİLYARD AVRO YARDIM EDƏCƏK
KREDİTİN HANSI HALDA GERİ QAYTARILACAĞI AÇIQLANDI
Avropa İttifaqının üzv dövlətlərinin liderləri Ukraynanın 2026-2027-ci illər üçün maliyyələşdirmə ehtiyaclarının Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək əvəzinə, 90 milyard avroluq birgə kredit vasitəsilə ödəniləcəyi barədə razılığa gəliblər. Bu barədə Avropa Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Brüsseldə Aİ Liderlər Zirvəsinin sonunda mətbuat konfransı keçiriblər.Kosta bildirib ki, bu Ukraynanın təcili maliyyə ehtiyaclarını ödəyəcək və Ukrayna bu krediti yalnız Rusiya kompensasiya ödədikdən sonra geri qaytaracaq. O qeyd edib ki, Aİ liderləri Rusiyaya qarşı sanksiyaları yeniləmək barədə razılığa gəliblər və Rusiyanı danışıqlar masasına gətirməyin yeganə yolu Ukraynanı güclü saxlamaqdır. Əlavə edək ki, Macarıstan, Slovakiya və Çexiya Aİ-nin Ukrayna üçün birgə borc almasında iştirak etməyib. Almaniya Kansleri Fridrix Merts isə deyib ki, Avropa İttifaqının hələlik Rusiyanın aktivlərinin dondurulmasını ləğv etmək niyyəti yoxdur. Moskva Kiyevə kompensasiya ödəyənə qədər Rusiya aktivləri dondurulmuş vəziyyətdə qalacaq.




