Assosiasiya: Gələn il qızılın 1 unsiyası 3 000 dollara qədər bahalaşa bilər
2025-ci ildə dünya bazarında qızılın 1 unsiyasının qiyməti 3 000 ABŞ dollarına qədər artması gözlənilir.
Bu barədə “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini və “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov məlumat verib.
O qeyd edib ki, gələn il qlobal iqtisadi və geosiyasi amillərin təsiri ilə qızıl və gümüşün qiymətlərində artımın davam edəcəyi proqnozlaşdırılır:
“Hazırkı siyasi gərginliklərin yaxın zamanda azalacağına dair ciddi əsasların olmaması bu proqnozu dəstəkləyir. Regional münaqişələr və beynəlxalq münasibətlərdəki qeyri-sabitlik qızıla olan tələbatı artırır. Xüsusilə Yaxın Şərqdə baş verən hərbi toqquşmalar və siyasi gərginliklər qlobal bazarlara ciddi təsir edir. Bu bölgədə hərbi eskalasiya risklərinin artması nəticəsində investorlar təhlükəsiz aktivlərə, o cümlədən qızıla üstünlük verməkdə davam edirlər. Nəticədə 2025-ci ildə qızılın 2 500-3 000 ABŞ dolları diapazonunda ticarət olunması gözlənilir”.
Əmircanov əlavə edib ki, beynəlxalq maliyyə institutlarının proqnozlarına görə, 2025-ci ildə dünya iqtisadiyyatında tənəzzül riski yüksək olaraq qalacaq:
“Yüksək inflyasiya, mərkəzi bankların sərt pul siyasətləri və artan borclanma xərcləri iqtisadi aktivliyi zəiflədə bilər. Bu vəziyyət fonunda qızıla maraq artır, çünki investorlar iqtisadi qeyri-müəyyənlik şəraitində etibarlı alətlər axtarır”.
Hazırda əmtəə birjalarında qızılın 1 unsiyasının qiyməti 2 630-2 640 ABŞ dolları arasında dəyişir. Azərbaycanın daxili bazarında isə qızılın qiymətləri onun əyarına görə müəyyən edilir:
- 585 əyar qızılın 1 qramı: 50 ABŞ dolları
- 750 əyar qızılın 1 qramı: 64 ABŞ dolları
- 999,9 əyar qızılın 1 qramı: 85 ABŞ dolları
Azərbaycan bazarında qızıl məmulatlarının qiymətləri əyara, istehsal prosesində istifadə olunan işçiliyə, istehsal ölkəsinə və aid olduğu brendə görə dəyişir:
- 585 əyarlı məmulatlar: 100-115 manat
- 750 əyarlı məmulatlar: 130-150 manat
- 999 əyarlı məmulatlar: 160-180 manat
Gümüş: Dünya birjasında 1 unsiyasının qiyməti 29,7-30 ABŞ dollarıdır. Azərbaycanda isə 925 əyarlı gümüşün qiyməti işçiliyə görə 3-8 manat arasında dəyişir.
Platin:
- Dünya bazarında 1 unsiyası: 930-950 ABŞ dolları
- Əsas tətbiq sahəsi: Avtomobil sənayesində katalizator istehsalı, məhdud miqdarda zərgərlik istehsalı
Palladium:
- Dünya bazarında 1 unsiyası: 900-950 ABŞ dolları
- Əsasən elektronika və tibbi avadanlıqların istehsalında istifadə olunur.
Mənbə: “Report”