Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortalanması tarifi azaldılıb
Aqrar Sığorta Fondu kənd təsərrüfatı heyvanlarının sığortalanması tarifini azaldıb.
- Heyvanları 2 və ya 3 illik sığortalayarkən illik sığorta haqları daha da aşağı salınır ki, bu da fermerlər üçün əlavə üstünlük yaradır.
- Sığortanın Əhatə Dairəsi
- 2024-cü ilin ilk 10 ayında heyvandarlıq sığortası üzrə 907 min manat sığorta ödənişi həyata keçirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45% artımdır. Bu göstərici fermerlərin aqrar sığorta mexanizminə artan marağını əks etdirir.
BİZNES TV bu barədə AZƏRTAC– a istinadən xəbər verir.
Azərbaycanda dövlət dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizmi çərçivəsində kənd təsərrüfatı heyvanlarının sığortalanması daha əlçatan olub. Bu, Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin qərarı ilə tariflərin aşağı salınması sayəsində mümkün olub.
Xatırladaq ki, Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən, Azərbaycanda aqrar sığorta vasitəsilə iribuynuzlu ətlik və südlük mal-qaranı (inək, camış və danaları), eləcə də xırdabuynuzlu heyvanları (qoyun və keçiləri) sığortalamaq mümkündür.
İndiyədək mal-qaranın sığortalanması üçün sığorta tarifləri seçilmiş sığorta zərfindən asılı olaraq heyvanın qiymətinin 5,2-8,2 faizi arasında dəyişirdi.
İdarə Heyətinin qərarı ilə iribuynuzlu heyvanların sığorta haqqı 5 faiz, xırdabuynuzlu heyvanların sığorta haqqı isə 10 faiz aşağı salınıb. Nəticədə iribuynuzlu mal-qara üçün 4,9-7,8 faizə, xırdabuynuzlu heyvanlar üçün isə 4,65-7,37 faizə endirilib.
Nəticədə indiyədək 1000 manatlıq iribuynuzlu heyvanın (inək və ya camış) illik sığorta haqqı seçilmiş sığorta zərfindən asılı olaraq fermerə 26-41 manata başa gəlirdisə, indi bu rəqəm 25-39 manata enib.
Dəyişikliklər nəticəsində qiyməti 3000 manat olan inəklərin sığorta haqqı 77-123 manatdan yenilikdən sonra 73-117 manata endirilib, qiyməti 5000 manat olan heyvanların sığortası üçün isə fermerlər əvvəlki 129-205 manat əvəzinə, 122-195 manat ödəyəcəklər.
Xırdabuynuzlu heyvanların sığorta haqqı daha çox – 10 faiz aşağı salınıb. Belə ki, indiyədək xırdabuynuzlu heyvanların sığortalanması üzrə illik sığorta tarifi 5,2-8,2 faiz arasında dəyişirdisə, indi bu rəqəm 4,6-7,4 faizə endirilib.
Nəticədə indiyədək 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçi) illik sığorta haqqı fermerə 7,75-12,3 manata başa gəlirdisə, indi bu rəqəm 6,97-11 manata enib.
Qiyməti 500 manat olan qoyun və keçinin sığortası isə əvvəllər fermerlərə 13-20,4 manata başa gəldiyi halda, hazırda bu məbləğ 11,6-18,4 manata endirilib.
Heyvanları 2 və ya 3 illik sığortalayarkən illik sığorta haqları daha da aşağı salınır ki, bu da fermerlər üçün əlavə üstünlük yaradır.
Sığortanın Əhatə Dairəsi
Aqrar sığorta heyvanları bir sıra risklərdən qoruyur, o cümlədən:
- Yoluxucu xəstəliklər, zəhərlənmələr və ilan/həşərat sancmaları.
- Yanğın, təbii fəlakətlər (zəlzələ, qasırğa və s.).
- Vəhşi heyvanların hücumu.
- Oğurluq, soyğunçuluq və digər cinayət hallarından dəyən zərərlər.
Heyvanların yaş həddi ilə bağlı tələblər:
- Südlük mal-qara: 7 yaşa qədər.
- Ətlik mal-qara: 3 yaşa qədər.
- Xırdabuynuzlu heyvanlar: 5 yaşa qədər.
2024-cü ilin ilk 10 ayında heyvandarlıq sığortası üzrə 907 min manat sığorta ödənişi həyata keçirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45% artımdır. Bu göstərici fermerlərin aqrar sığorta mexanizminə artan marağını əks etdirir.
Fermerlər sığorta şərtləri və tariflər barədə məlumatı aşağıdakı mənbələrdən əldə edə bilərlər:
- Aqrar Sığorta Fondunun rəsmi saytı: www.asf.gov.az.
- Heyvandarlıq sığortası kalkulyatoru vasitəsilə fərdi hesablamalar aparmaq.
- ASF-nin 1651 Çağrı mərkəzinə zəng edərək dəstək almaq.
Bu yeniliklər kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatların risklərini minimuma endirmək və fermerlər üçün əlverişli şərait yaratmaq məqsədini daşıyır.




