Azərbaycandan 11 ayda 22.9 mlrd. kubmetr qaz ixrac olunub
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə rəqəmsal yeniliklər təqdim etdi
Azərbaycanın milli aviadaşıyıcısı AZAL, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə onlayn bilet alışı prosesini vətəndaşlar üçün daha rahat və sürətli etmək məqsədilə yeni rəqəmsal həllər tətbiq edib.
BiznesTV APA-ya istinadən xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti bildirib ki, artıq AZAL-ın saytında və mobil tətbiqində Naxçıvan reyslərinə aviabilet alışı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təqdim etdiyi “digital.login” xidməti vasitəsilə də mümkün olub.
Yeniliyin əsas üstünlüyü sərnişinlərin “digital.login” və ya “SİMA İmza” ilə verifikasiya prosesini keçdikdən sonra bilet üçün tələb olunan şəxsi məlumatları əl ilə daxil etmək ehtiyacının aradan qalxmasıdır. Bunun üçün yalnız şəxsiyyət vəsiqəsinin seriya nömrəsini daxil etmək kifayətdir. Verifikasiya tamamlandıqdan sonra şəxsi məlumatlar növbəti səhifədə avtomatik doldurulur ki, bu da prosesi sürətləndirir, vaxta qənaət edir və məlumatların səhv daxil edilmə riskini minimuma endirir.
Bir qrup sərnişin üçün bilet rəsmiləşdirildikdə yalnız bir nəfərin şəxsiyyətinin “digital.login” vasitəsilə təsdiqlənməsi kifayət edir. Bununla belə, yalnız doğrulama mərhələsindən keçmiş şəxsin məlumatları avtomatik doldurulur. Digər sərnişinlərin məlumatları ənənəvi şəkildə daxil edilməlidir.
Xatırladaq ki, AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə xidmətlərin rəqəmsallaşdırılması çərçivəsində əvvəllər “SİMA İmza” inteqrasiyası həyata keçirilib və onlayn qeydiyyat xidməti istifadəyə verilib. Bundan əlavə, kassalardan Naxçıvan aviabiletlərini İRİA tərəfindən təqdim olunan “mygov” platforması vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsi ilə əldə etmək imkanı yaradılıb.
Bu yeniliklər AZAL-ın xidmət keyfiyyətini artırmaq və bilet əldəetmə prosesini sərnişinlər üçün daha əlçatan etmək məqsədini daşıyır.




