Bakıda Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçirilib
Fevralın 20-də Bakıda Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçirilib.
Regionun inşaat və əmlak sektorunda ən nüfuzlu tədbirlərindən biri hesab edilən forum “Biznes Mərkəzi Klubu” və “Gbaru.com” platformasının təşkilatçılığı ilə baş tutub. “İnşaatda güc, əlaqələrdə birlik: dayanıqlı gələcəyə doğru!” şüarı ilə keçirilən bu tədbir Turan dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
Forumda millət vəkilləri, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, iş dünyasının tanınmış simaları iştirak ediblər. Spikerlər arasında millət vəkilləri Müşfiq Cəfərov, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Türkiyənin “Çavuşoğlu 07” inşaat şirkətinin rəhbəri Hasan Çavuşoğlu, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və digər nüfuzlu şəxslər yer alıb.
Forum çərçivəsində 10-dan çox yerli şirkət öz stendləri ilə çıxış edərək, fəaliyyətlərini və yeni layihələrini təqdim ediblər.






