Deputat: “Sosial xərclərimiz Gürcüstan və Ermənistanın birlikdə həmin xərclərindən 2,5 dəfə çoxdur”
2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri təxminən 10 milyard ABŞ dolları təşkil edəcək. Bu rəqəm Gürcüstan və Ermənistanın birgə sosialyönümlü büdcə xərclərindən 2,5 dəfə çoxdur.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, Azərbaycanın gələn il sosial xərcləri Ermənistanın ümumilikdə büdcə xərclərindən 67% çox olacaq. “Bu rəqəmlər reallığı daha düzgün qiymətləndirməyə imkan verir,” – deyə o qeyd edib.
Vüqar Bayramov, həmçinin, sosial xərclərdə son illərdə qeydə alınan artımı vurğulayıb. “2021-ci ildə sosial xərclər 12,2 milyard manat, 2022-ci ildə 13,7 milyard manat, 2024-cü ildə isə 15,5 milyard manat təşkil edib. 2025-ci ildə isə bu məbləğin 16,9 milyard manat olacağı proqnozlaşdırılır. Beləliklə, 2021-ci illə müqayisədə sosial xərclərdə təxminən 4,7 milyard manat artım müşahidə olunur,” – deyə deputat bildirib.
Deputat, həmçinin, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına ayrılan vəsaitlərə diqqət çəkib. O vurğulayıb ki, indiyə qədər bu məqsədlə 18 milyard manat xərclənib, gələn il üçün nəzərdə tutulan vəsaitlə bu rəqəm 22 milyard manata çatacaq.
Mənbə: “Report”




