ONLARIN SAYI 3148-Ə, SƏRVƏTİ 19 TRİLYONA ÇATDI
DÜNYA MİLYARDERLƏRİ KİMLƏRDİR?
2025-ci ildə dünya milyarderlərinin siyahısı kəskin şəkildə artıb. “Forbes”in məlumatına görə, ABŞ, Çin, Hindistan və Rusiya ilə yanaşı hətta Sent-Kits və Nevis, Albaniya kimi ölkələrdən də daxil olmaqla 340-dan çox yeni milyarder ortaya çıxıb. Hazırda dünyada 3148 milyarder var — bu, 5 il əvvəllə müqayisədə təxminən 50% artım deməkdir. Onların ümumi sərvəti 18,7 trilyon dollar, orta sərvət isə 5,9 milyard dollardır. Hazırda dünya milyarderlərinin siyahısına İlon Mask liderlik edir.İlin əvvəlində o, 421 milyard dollara sahib idisə, dekabr ayında var-dövləti 700 milyard dollara çatıb. İlon Maskın “Tesla” və “SpaceX” şirkətlərinin böyüməsi bir ildə onun sərvətinə 333 milyard dollar əlavə edib ki, bu da planetin ikinci ən varlı insanı Larri Peycin sərvətindən daha çoxdur. Bu il bir günlük qazanc rekordu Larri Ellisona məxsusdur. 10 sentyabrda “Oracle” şirkətinin səhmləri 36% bahalaşıb və nəticədə onun sərvətini bir gündə təxminən 100 milyard dollar artıb – bu, tarixdə ən böyük bir günlük sərvət artımıdır. 2025-in yeni milyarderləri əsasən süni intellekt, bulud texnologiyaları, qrafik prosessorlar, startaplar və kripto sahələrindən çıxıb. Diqqətçəkən məqam isə odur ki, yeni milyarderlərin 2/3-si sərvətini özü qazanıb. Onlardan 11 nəfəri 30 yaşdan aşağıdır – bu, rekord göstəricidir. 135 milyarder 2024-cü ildə ABŞ-ın prezident seçkilərinə sərmayə yatırıb, prezident Donald Trampın andiçmə mərasiminə və Ağ Evin bal salonunun tikintisinə milyonlarla pul xərcləyib. Bəzi milyarderlər isə yüksək vəzifələrə seçiliblər. Məsələn, ABŞ-da Jared İsaakman NASA-nın rəhbəri, aqrobiznes sahibkarı Andrey Babiş isə Çexiyanın Baş naziri olub.




