Emin Ağalarov Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçilib
03 dekabr 2024, 16:07 (UTC +04:00)
Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib. Şuranın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və digər sahələrdə fəaliyyət göstərən 90-dan artıq qurum və təşkilat üzvü iştirak edib.
Biznes TV xəbər verir ki, bu barədə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) bildirib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycan-Rusiya İşgüzar Şurasının tərəfdaşlıq mexanizmi kimi oynadığı rolu qeyd edib.
Şuranın fəaliyyəti barədə məlumat verən Səməd Qurbanov, iki ölkə arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi və Azərbaycan biznes ictimaiyyətinin maraqlarının dəstəklənməsi istiqamətində görülən işlərdən bəhs edib.
İclasda İdarə Heyətinə seçkilər keçirilib. “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Şuranın İdarə Heyətinin sədri, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Nardaran Invest” MMC-nin direktoru Qəmbər Bənənyarlı isə sədr müavinləri seçilib.
Yeni sədr Emin Ağalarov, biznes dialoqun intensivləşdirilməsi və işgüzar dairələr üçün tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.
Tədbirdə Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Səməd Qurbanov Fəxri Fərmanla təltif olunub.
Qeyd: 2016-cı ildən fəaliyyət göstərən Azərbaycan-Rusiya İşgüzar Şurası, Azərbaycan və Rusiya iqtisadiyyat nazirlikləri və digər dövlət qurumları ilə fəal əməkdaşlıq edir.









