İLON MASKDAN 4 AYDA 4 REKORD
SƏRVƏTİ 800 MİLYARDDAN ÇOX OLAN İLK BİZNESMENDİR
Amerikalı milyarder İlon Mask sərvəti 800 milyard dollardan çox olan ilk biznesmen kimi tarixə düşüb. Maskın sərvəti “SpaceX” və “xAI” şirkətlərinin birləşməsindən sonra artıb və bu iki şirkətin ümumi dəyəri 1,25 trilyon dollar məbləğində qiymətləndirilib. “Forbes”in məlumatına görə, İlon Mask dünyanın ilk trilyonçusu olmaq hədəfindən o qədər də uzaqda deyil. Xatırladaq ki, Mask son dörd ayda artıq dörd yeni sərvət rekordu qırıb. Belə ki, oktyabr ayında ABŞ Hökumət Səmərəliliyi Departamentindən ayrılandan və “Tesla”nın səhmləri kəskin şəkildə yüksəldikdən sonra o, dünyada 500 milyard dollarlıq xalis sərvətə malik ilk şəxs olub. Dekabr ayında “SpaceX”in dəyərindəki artım fonunda Maskın xalis sərvəti 600 milyard dolları keçib. Bir neçə gün sonra Delaver Ali Məhkəməsinin Maskın “Tesla”ya aid səhm opsionlarını bərpa etməsinin ardından bu sərvət 700 milyard dollara çatıb.




