Insun Yaşam Mərkəzində Su Polosu Milli Yığmasına Seminar Keçirildi
Uğurlu olmaq üçün sağlam qidalanma və psixoloji olaraq sağlam olmaq çox vacibdir. Bu haqda idmançılarla seminarda müzakirə olundu.
21.12.2024-cü il tarixində Insun Yaşam Mərkəzində Azərbaycan Üzgüçülük Federasiyasının Su Polosu üzrə milli yığmasına “Sağlam qidalanma və yarış öncəsi psixoloji hazırlıq” seminarı keçirildi.
Seminar zamanı idmançılara sağlam qidalanmanın əhəmiyyəti, psixoloji hazırlığın önəmi, narkotik vasitələrin və ümumilikdə idmançı həyatına mənfi təsir edən digər zərərli vərdişlərin ziyanları haqqında məlumat verildi.
Seminarda Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə, Baş Katibi Fəxri Həsənov, su polosu üzrə Azərbaycan millisinin baş məşqçisi Panayotis Xronopulos, Insun Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərova və rəhbərliyi də iştirak etdi.
İdmançıların uğur qazanması üçün onların yüksək psixoloji hazırlığı və sağlam, proqramlı qidalanması mütləqdir. Dünya təcrübəsində proses bu cür davam edir. İdmançının fiziki hazırlığı qədər onun psixoloji hazırlığı da vacibdir. Fiziki hazırlığının da əsas hissəsi məhz düzgün qidalanmadır, deyə Insun Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərova mediaya açıqlamasında bildirib. Həmçinin Nigar Ələsgərova, tək Azərbaycan Üzgüçülük Federasiyası ilə deyil, digər idman federasiyaları ilə də bu istiqamətdə sıx əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.









