Jurnalistlərin gəlirlərinin 75%-i gəlir vergisindən azad ediləcək
Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizi hər hansı əlavə şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək.
Biznes TV xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Layihəyə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə 45 000 manatadək gəlir əldə edən fiziki şəxslərin bu gəlirlərinin 75 faizi gəlir vergisindən azad ediləcək.
Qeyd olunub ki, hazırda Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, mikrosahibkarlıq subyekti olan, orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərin 75%-i gəlir vergisindən azaddır.
Lakin bəzi fərdi peşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (o cümlədən jurnalistlər) əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindən sadələşdirilmiş verginin ödəyicisi ola bilmirlər. Eyni zamanda fərdi fəaliyyət göstərdikləri üçün Vergi Məcəlləsində nəzərdə tutulan mövcud güzəştlərdən də istifadə edə bilmirlər.
Bu səbəbdən, ədalətli vergitutmanın təmin edilməsi məqsədilə jurnalistlər və digər oxşar fəaliyyət sahələrində çalışan mikrosahibkar fiziki şəxslərin illik dövriyyəsi 45 000 manatadək olduğu halda, onların gəlirlərinin 75%-nin hər hansı əlavə şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsi təklif edilir.
Bu qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Qanun qəbul ediləcəyi təqdirdə 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.




