KOBİA 2024-cü ildə 65 KOB Subyektinə “Startap” Şəhadətnaməsi Verib
2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 65 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib. Biznes TV, bu barədə Agentliyə istinadən xəbər verir.
KOBİA-nın məlumatına əsasən, ötən il ümumilikdə 109 sahibkar – 104 mikro və 5 kiçik sahibkarlıq subyekti şəhadətnamə almaq üçün müraciət edib. Ekspertlər Şurası tərəfindən “Startapın müəyyən olunması meyarları”na uyğun olaraq müraciətlərə baxılıb və nəticədə 62 mikro və 3 kiçik sahibkarın layihəsi təsdiqlənib. Şəhadətnamə almış sahibkarların 52-si hüquqi, 13-ü isə fiziki şəxsdir.
Layihələr müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, aqrar biznes, fintek, yaşıl iqtisadiyyat və elektron ticarət sahələrində innovativ həlləri əhatə edir.
“Startap” şəhadətnaməsi sahibkarları şəhadətnaməni aldıqları tarixdən etibarən 3 il müddətində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad edir. Bu təşəbbüs, Azərbaycanda innovativ sahibkarlığın və startap ekosisteminin inkişafına, eləcə də startap ideyalarının dəstəklənməsinə yönəlib.
Qeyd edək ki, “Startap” şəhadətnaməsi 2021-ci ilin may ayından etibarən KOBİA tərəfindən təqdim edilir. Bu proses, Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları” əsasında həyata keçirilir.