15 Noyabr 2024, Bakı – Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi Leyla Əliyeva COP29 çərçivəsində keçirilən plenar iclasda çıxış edib. Tədbir “Ecumene” Qlobal Forumu tərəfindən təşkil olunub və dayanıqlı inkişafla bağlı mühüm məsələlər müzakirə edilib.
Leyla Əliyeva çıxışında Azərbaycanın qlobal ekoloji problemlərin həllindəki rolu və dayanıqlı gələcək üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. O, su resurslarının idarə edilməsi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, o cümlədən yaxın illərdə yaradılması planlaşdırılan 10 yeni su anbarı barədə məlumat verib.
Leyla Əliyeva Xəzər dənizində biomüxtəlifliyin qorunmasının əhəmiyyətini qeyd edib və suitilərin populyasiyasının XX əsrin əvvəli ilə müqayisədə 6 dəfədən çox azaldığını bildirib. Bu kontekstdə, Qızılağac Milli Parkının Xəzər dənizində ilk dənizkənarı mühafizə olunan ərazi kimi seçilməsi mühüm addım kimi vurğulanıb.
Bununla yanaşı, IDEA İctimai Birliyinin həyata keçirdiyi “Zəngin hövzələr” və “Bir damcı” layihələri haqqında danışılıb. Bu təşəbbüslər çərçivəsində ölkənin su hövzələrinə milyonlarla balıq körpəsi buraxılıb və ictimaiyyətə suyun səmərəli istifadəsi barədə maarifləndirmə işləri aparılıb.
Plenar iclasda, həmçinin BMT Baş katibinin iqlim fəaliyyəti üzrə xüsusi müşaviri Selvin Çarlz Hart, Dünya İqtisadiyyatının Təhlili Mərkəzinin direktoru Ramon Piks-Madruqa və digər nüfuzlu şəxslər iştirak ediblər.
Bu məlumat AZƏRTAC-a istinadən hazırlanmışdır





