Yaponiyanın məşhur avtomobil istehsalçısı Mazda, 28 ildən sonra ilk dəfə loqosunu dəyişdirməyə qərar verib. Nikkei də daxil olmaqla bir çox yapon mənbələrinin yaydığı xəbərə görə, yenilənmiş loqo yanvarın 30-da, brendin 105-ci ildönümündə rəsmi olaraq təqdim ediləcək.
1997-ci ildən bəri istifadə olunan və qağayılardan ilham alınaraq dizayn edilən M loqotipi yenilənərək daha modern görünüş alıb. Yeni loqo yuvarlaq konturları və yastı qağayı qanadları ilə fərqlənir. Qara-ağ rəng sxemi ilə minimalist və yüksək kontrastlı dizayn təklif edir. Əvvəlki loqoda mövcud olan üçölçülü işıqlandırmalar və kölgələr isə bu versiyada yoxdur.
Mazda-nın yenilənmiş loqosu artıq 2024-cü ilin iyul ayında Yaponiya Patent İdarəsində qeydə alınıb və onlayn platformalarda görünməyə başlayıb. Lakin bu yeni loqonun şirkətin avtomobil modellərində nə vaxtdan etibarən istifadə ediləcəyi hələlik məlum deyil.
1920-ci ildə əsası qoyulan Mazda, ilk avtomobilini 1931-ci ildə istehsal edib və bu gün avtomobil sənayesinin qabaqcıl markalarından biri olaraq fəaliyyətini davam etdirir.




