MƏKTƏBLƏRDƏ TELEFONDAN İSTİFADƏYƏ DAİR QAYDALAR HAZIRLANACAQ
MƏKTƏBLƏRDƏ TELEFONDAN İSTİFADƏYƏ DAİR QAYDALAR HAZIRLANACAQ
UŞAQLARIN SOSİAL ŞƏBƏKƏLƏRDƏ QEYDİYYATI ZAMANI YAŞ MƏHDUDİYYƏTİ TƏTBİQ EDİLƏCƏK
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı zamanı yaş məhdudiyyəti tətbiq ediləcək və məktəblərd mobil və elektron cihazlardan istifadəyə dair qaydalar müəyyən ediləcək. Bu, uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamda öz əksini tapıb. Belə ki, Nazirlər Kabineti dövlət orqanlarını, elmi müəssisələri, mütəxəssisləri və vətəndaş cəmiyyəti nümayəndələrini bu işə cəlb edəcək. Beynəlxalq təcrübə nəzərə alınmaqla, uşaqların sosial şəbəkələrdə zərərli məzmun və təsirlərdən qorunması üçün normativ hüquqi aktların layihələri hazırlanacaq. Bu layihələr sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini də əhatə edəcək. Bundan başqa məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına , o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulub.




