Rusiyanı Azərbaycanla birləşdirən avtomobil yolu 2030-cu ilə qədər dördzolaqlı olacaq
Rusiyanın regionlarını Azərbaycanla birləşdirən R-217 “Qafqaz” avtomobil yolu 2030-cu ilə qədər dörd zolağa qədər genişləndiriləcək.
Bu barədə “Qafqaz” Federal Avtomobil Yolları İdarəsinin rəisi Aleksandr Lukaşuk məlumat verib.
“Hazırda bizim prioritetimiz Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə daxil olan R-217 “Qafqaz” yoludur. 2030-cu ilə qədər yolun bütün hissələri dördzolaqlı olacaq,” – deyə o, Pyatiqorskda jurnalistlərə bildirib.
Hazırda yolun 75-85%-i artıq dördzolaqlıdır. Lukaşuk həmçinin qeyd edib ki, Şimali Qafqaz federal dairəsindən keçən “Şimal-Cənub” nəqliyyat dəhlizi boyunca avtomobil yolunun genişləndirilməsi davam edir. R-215 yolunun bir neçə hissəsi R-217 ilə birləşdirilərək inteqrasiya olunacaq.
“Bu marşrutla turist axını və yük daşımalarının böyük hissəsi həyata keçirildiyindən, istiqamətə xüsusi diqqət yetirilir. Eyni zamanda, yol üzərindəki körpülər də genişləndiriləcək,” – deyə Lukaşuk vurğulayıb.
R-217 “Qafqaz” yolu Krasnodar diyarının Pavlovskaya kəndindən başlayaraq, Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar kəndinə qədər uzanır. Uzunluğu 1,118 kilometr olan bu avtomobil yolu Krasnodar və Stavropol diyarlarından, eləcə də Şimali Qafqaz federal dairəsinin respublikalarından keçir.




