TÜRKİYƏ VƏ ERMƏNİSTAN QURU YOLU
TÜRKİYƏ VƏ ERMƏNİSTAN QURU YOLU TİCARƏTİNƏ RAZILAŞDILAR
YENİ MEXANİZM ƏLAVƏ XƏRCLƏRİ 10-15% AZALDACAQ
Türkiyə və Ermənistan birbaşa quru ticarətinə başlamaq barədə razılığa gəliblər. Bu barədə T24 nəşri məlumat yayıb. Razılaşmaya əsasən, mallar Gürcüstan üzərindən daşınsa da, artıq “təkrar ixrac” kimi rəsmiləşdirilməyəcək və ilkin ixrac statusunu saxlayacaq. Beləliklə, qapalı sərhəd açılmadan birbaşa ikitərəfli ticarət mümkün olacaq. Bu addım Ankaranın Cənubi Qafqazda normallaşma siyasəti çərçivəsində atılır. Xatırladaq ki, Türkiyə və Ermənistanın rəsmi diplomatik münasibətləri yoxdur və onların ortaq sərhəd 1993-cü ildən bəri bağlıdır. Lakin 2022-ci ildə iki tərəf sərhədi açmaq və diplomatik əlaqələr qurmaq məqsədi ilə normallaşdırma danışıqlarına başlayıblar. Ermənistan Statistika Komitəsinin məlumatına görə, Türkiyə ilə Ermənistan arasında ikitərəfli ticarət 2024-cü ildə 336 milyon dolları keçib. Türkiyədən Ermənistana idxal təxminən 335 milyon dollar təşkil edib və bu daşımaların təxminən 40%-i quru yolu ilə Gürcüstan ərazisindən daşınıb. Bu o deməkdir ki, yeni birbaşa tranzit müqaviləsi ilk növbədə türk tacirlərinə fayda verəcək. Türkiyənin Ermənistana əsas ixracına maşın və mexaniki avadanlıqlar, dəmir və polad məhsulları, digər sənaye malları və tekstil daxildir. 2025-ci il üçün rəsmi rəqəmlər hələ dərc olunmasa da, ümumi ticarət həcminin təxminən 400 milyon dollara çata biləcəyini təxmin edilir. Yeni mexanizmin türk şirkətləri üçün əlavə xərcləri 10–15% azaldacağı gözlənilir.




