Nazir Rəşad Nəbiyev: “Günəş baza stansiyaları zamanın 60%-dən çoxunda bərpa olunan enerjidən istifadə edir”
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda COP29 çərçivəsində keçirilən Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə dəyirmi masada çıxış edib. Nazir bildirib ki, Günəş baza stansiyaları bərpa olunan enerjidən 60%-dən çox istifadə etməklə enerji istehlakını və emissiyaları əhəmiyyətli dərəcədə azaldır.
Nazir, həmçinin Azərbaycanın peyk müşahidələrindən istifadə edərək quraqlıq, səhralaşma və su ehtiyatlarının idarə edilməsini izlədiyini vurğulayıb. Rəqəmsal Körpü təşəbbüsü çərçivəsində hər gün 1,5 milyon əməliyyatın emal edildiyini və bunun ətraf mühitə müsbət təsir göstərdiyini qeyd edib.
Rəşad Nəbiyev rəqəmsal texnologiyaların iqlim monitorinqi və erkən xəbərdarlıq sistemlərindəki roluna diqqət çəkib. O bildirib ki, 2030-cu ilə qədər İKT sektorunun qlobal emissiyalara töhfəsi səkkiz faizə çata bilər. Məlumat mərkəzlərinin optimallaşdırılması və innovativ texnologiyalardan istifadə ilə enerji istehlakını 40%-ə qədər azaltmağın mümkünlüyünü vurğulayıb.
Mənbə: Oxu.az




