AMADA Azərbaycanı Londonda keçirilən “workshop”da təmsil edib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), Londondakı Lafboro Universitetində keçirilən data analitikası üzrə “workshop”da ölkəmizi təmsil edib.
AMADA-dan “Report”a verilən məlumata görə, tədbir Böyük Britaniya Antidopinq Agentliyi (UKAD) və “Sport Integrity Australia” tərəfindən “AxiaOrigin” ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Tədbirdə 16 antidopinq təşkilatı (ADO), Ümumdünya Antidopinq Agentliyi (WADA), Milli Antidopinq Təşkilatları İnstitutu (iNADO) və Beynəlxalq Test Agentliyinin (ITA) nümayəndələri iştirak edib.
AMADA-nı icraçı direktorun müavini Rüfət Efendiyev və Təhsil məsələləri üzrə aparıcı mütəxəssis Qüdrət Səfərov təmsil edib. İki gün davam edən tədbirdə data analitikası və süni intellektin qlobal antidopinq səylərinə tətbiqi imkanları müzakirə olunub.
R.Efendiyev süni intellektin idarəetmə çərçivələri və məlumat əsaslı həllər mövzularında müzakirələrə töhfə verib, Q.Səfərov isə “ADO-lar üçün süni intellekt” mövzusunda çıxış edərək AMADA-nın təcrübəsini bölüşüb.
Workshop süni intellektin antidopinq ehtiyaclarına tətbiqi, data etikası və beynəlxalq əməkdaşlıq üçün imkanlar mövzularını əhatə edib. Tədbir, dopinqə qarşı mübarizədə innovativ strategiyaların hazırlanması baxımından mühüm platforma rolunu oynayıb.








