Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) artıq məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların elektron qeydiyyatını təmin edib.
BiznesTV “Report”-a istinadən xəbər verir ki, DVX-in Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva bu yeniliyin biznes mühiti üçün əhəmiyyətli bir addım olduğunu bildirib.
Onun sözlərinə görə, MMC-lərin qeydiyyat məlumatlarında dəyişikliklərin elektron qaydada təsdiqi ilə bağlı yeni rəqəmsal xidmət istifadəyə verilib. Bu sistem çərçivəsində MMC-lər gücləndirilmiş elektron imza vasitəsilə 3 iş günü ərzində təsis sənədlərində dəyişiklikləri qeydiyyatdan keçirə bilərlər.
Elektron ərizə vasitəsilə şirkətin adı, hüquqi ünvanı, nizamnamə kapitalı və digər dəyişikliklər daxil edilir, təsdiqləyici sənədlər əlavə olunur. Yeni nizamnamə və digər sənədlər avtomatik olaraq şirkətin elektron kabinetinə göndərilir.
H.Abdullayeva bildirib ki, bu yenilik ölkədə biznesin qeydiyyatı prosesinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsinə xidmət edir və sahibkarlar üçün əlavə rahatlıq yaradır.
Mənbə: Report.az




