ÇOX PUL YIĞIB, AZ ÖDƏDİLƏR SIĞORTA ŞİRKƏTLƏRİNİN ZƏRƏRİ MİNİMUMA ENİB
Azərbaycanda 2025-ci ilin ilk on ayının statistikası göstərir ki, sığorta şirkətləri olduqca yüksək gəlir əldə ediblər. Çünki, yığılan hər 100 manatın 90 manatdan çoxu şirkətlərin özlərinə qalıb. Məsələn, ümumi mülki məsuliyyətin könüllü sığortasında şirkətlər 10 milyon 300 min manat yığım əldə etsələr də, cəmi 61 min manat ödəniş ediblər ki, bu da cəmi 0,6% zərər deməkdir. Eyni zamanda, peşə məsuliyyəti sığortasında 1 milyon 916 min manat yığıma qarşı cəmi 13 min manat ödəniş edilib ki, bu da 0,7% zərər deməkdir. Avtomobil sahiblərinin könüllü məsuliyyət sığortasında isə 4 milyon 335 min manat yığıma qarşı 36 min manat ödəniş edilib ki, bu da 0,8% zərər deməkdir. Həmçinin, böyük yığım həcminə malik qeyri-həyat növlərində də vəziyyət oxşardır. Daşınmaz əmlakın icbari sığortası üzrə yığılan 70 milyon 419 min manatın cəmi 2 milyon 251 min manatı ödənişlərə yönəldilib ki, bu da cəmi 3,2%-lik zərərlilikdir. Eyni şəkildə, əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə toplanan 69 milyon 105 min manatın qarşılığında cəmi 2 milyon 518 min manatlıq ödəniş edilib.




