VƏTƏNDAŞ QANUNİ EVİNƏ NİYƏ KÖÇƏ BİLMİR?
VƏTƏNDAŞ QANUNİ EVİNƏ NİYƏ KÖÇƏ BİLMİR?
30 İLDİR MƏNZİLİ ZƏBT EDƏN KEÇMİŞ MƏCBURİ KÖÇKÜN CƏRİMƏLƏNİB
Bakıda vətəndaşın evini 30 il zəbt edən keçmiş məcburi köçkün cərimələnib. Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verib. Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən ailəsi ilə birlikdə məcburi köçkün düşən şəxs Bakıya gəlib və Lökbatan qəsəbəsindəki binalardan birinin mənzilini zəbt edib, ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlayıb. Mənzilin sahibi onlardan evdən çıxmağı tələb etsə də, ailə həmin evi boşaltmayıb. Nəticədə mənzilin qanuni sahibi 1995-ci ildən bu günə qədər kirayələrdə yaşayıb. 2017-ci ildə mənzil sahibi Qaradağ Rayon Məhkəməsinə müraciət edib və məcburi köçkün ailəsinin mənzili boşaltması qərarı çıxarılıb. Ailə təklif olunan alternativ mənzillərə köçməkdən imtina edib. Bildirib ki, ya onlara Lökbatan qəsəbəsində ev verilməlidir, ya da Cəbrayıl rayonunun Aşağı Maralyan kəndində tikilən evlər hazır olandan sonra mənzili boşalda bilər.
Belə olan halda Qaradağ Rayon Məhkəməsinin qərarı ilə keçmiş məcburi köçkün 500 manat cərimə edilib.




