“BENTLEY”, “RANGE ROVER” VƏ BAHALI MƏNZİL
SƏLİM MÜSLÜMOVLA VİLYAM HACIYEVİN ƏMLAKLARI SATILIR
Milyonlarla manat mənimsəmə ittihamı ilə məhkum edilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin müsadirə edilən əmlakları satışa çıxarılır. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əmlakların ümumi qiyməti 650 min manat təşkil edir. Səlim Müslümova məxsus əmlaklar bunlardır .
- Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində mənzil–qiyməti 350 min manat;
- Eyni prospektdə başqa mənzil–qiyməti 140 min manat.
Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş 4 minik avtomobili isə bunlardır. - “Bentley Continental GT” – 65 min manat;
- “Range Rover” – 56 min manat;
- “BMW 740i” – 23 min manat;
- “BMW X5” – 16 min manat.
56 min manat qiymət qoyulan “Range Rover”i oğlu Məhəmməd Hacıyev sürürdü. Həmin vaxt avtomobilin qiyməti 100 min manatdan artıq idi. Qeyd edək ki, həm Səlim Müslümov, həm də Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Dövlətə dəyən ziyanı tam ödədiyindən Müslümova 11 il şərti, Hacıyevə isə 8 il 6 ay real həbs cəzası verilib. Onu da deyək ki, hər iki məhkumun daha bir neçə əmlakı da dövlətə dəyən ziyanın əvəzi olaraq müsadirə edilib.




