ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
4.7 MİLYARD DOLLARI AŞAN 32-DƏN ÇOX SƏNƏD İMZALANACAQ
Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli və səmərəli əməkdaşlığa böyük önəm verir. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Özəl Sektor Forumu 2026: Açılış Mərasimi”ndə deyib. Nazir bildirib ki, Azərbaycan 1992-ci ildə quruma üzv olduqdan sonra tərəflər arasında əməkdaşlıq qarşılıqlı etimada, ortaq prioritetlərə və praktiki nəticələrə əsaslanıb. Mikayıl Cabbarov qeyd edib ki, ölkədə 2021-2025-ci illərdə qeyri-neft-qaz iqtisadiyyatının orta illik artım tempi 6 faiz təşkil edib. Bu dövrdə qeyri-neft-qaz sektorunun ÜDM-də payı 58 faizdən 71 faizə yüksəlib. Eyni zamanda, qeyri-neft-qaz ixracı 2018-ci illə müqayisədə iki dəfədən çox artıb. Nazir investorları, maliyyə institutlarını və biznes nümayəndələrini Azərbaycandakı imkanları daha yaxından araşdırmağa çağırıb. Nazirin sözlərinə görə, ötən forum çərçivəsində ümumi dəyəri 3,6 milyard ABŞ dollarından çox olan sazişlər imzalanıb. Bu il isə forum çərçivəsində ümumi dəyəri 4,7 milyard ABŞ dollarını aşan 32-dən çox sənədin, o cümlədən Anlaşma Memorandumları imzalanacaq. Qeyd edək ki, Özəl Sektor Forumu halal ekosistemlərin möhkəmləndirilməsi, dayanıqlı iqtisadi inkişafın təşviqi, regional ticarət və investisiyanın genişləndirilməsi, eləcə də transsərhəd əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını araşdırmaq üçün yüksəksəviyyəli platforma rolunu oynayır.






