AĞ EVDƏ 1 TRİLYONLUQ GÖRÜŞ
AĞ EVDƏ 1 TRİLYONLUQ GÖRÜŞ ABŞ İLK DƏFƏ SƏUDİYYƏYƏ F-35 QIRICILARI SATACAQ
Səudiyyə Ərəbistanı ABŞ iqtisadiyyatına nəzərdə tutduğu investisiyaları 600 milyard dollardan 1 trilyon dollara qədər yüksəldəcək. Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında keçirilən görüşdə belə bir açıqlama verilib. Tərəflər müdafiə sənayesi, enerji, texnologiya və yüksək dəyərli xammal sahələrini əhatə edən genişmiqyaslı paket üzrə razılıq əldə ediblər. Tramp görüşdən sonra Səudiyyə Ərəbistanını rəsmi şəkildə “NATO üzvü olmayan mühüm müttəfiq” elan etdiklərini açıqlayıb.Ağ Evin məlumatına görə, Tramp Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satılmasına və təxminən 300 tankın təhvil verilməsinə razılıq verib. Bu, ABŞ-nin İsrail istisna olmaqla, bölgədə ilk dəfə F-35 satışı olacaq. Tramp tərəfdaşlığı “hər iki ölkə üçün tarixi iqtisadi imkan” kimi dəyərləndirərək, Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına böyükmiqyaslı sərmayələrinə görə təşəkkür edib.




