GÖRKƏMLİ OFTALMOLOQ-ALİM ZƏRİFƏ ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR
AKADEMİKİN ANADAN OLMASININ 103 İLİ TAMAM OLUR
28 aprel Azərbaycanın görkəmli alimi, akademik, oftalmologiya üzrə tanınmış mütəxəssis, Əməkdar elm xadimi Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103 ili tamam olur.Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb.Zərifə Əliyeva vaxtilə Azərbaycanda geniş yayılan traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. O, oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının Mixail İosifoviç Averbax adına mükafatına layiq görülüb. Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır. O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.




