Nicat İmanov: “Vergi güzəştləri Naxçıvan rezidentlərinə də tətbiq ediləcək”
Azərbaycanın işğaldan azad olunmuş əraziləri üçün nəzərdə tutulan vergi güzəştlərinin Naxçıvan Muxtar Respublikasında da tətbiqi planlaşdırılır.
BiznesTV “Report”-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Naxçıvanda “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmisi Nicat İmanovun sözlərinə görə, bu güzəştlər Naxçıvan rezidentləri üçün aşağıdakıları əhatə edəcək:
- 10 il müddətinə vergi azadolmaları: Mənfəət, gəlir, əmlak və torpaq vergilərindən tam azadolma.
- ƏDV azadolmaları: Sahibkarlıq subyektlərinin idxal etdiyi texnika və texnoloji avadanlıqlar əlavə dəyər vergisindən azad ediləcək.
Təkliflərin əsas məqsədi Naxçıvanda əlverişli vergi mühiti yaratmaq, sahibkarlığı inkişaf etdirmək, məşğulluğu artırmaq və əhalinin rifahını yüksəltməkdir. Layihələr Prezidentin səlahiyyətli nümayəndəsinin təşəbbüsü və Naxçıvan hökuməti ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub və 2024-cü ildə icrasına başlanılması gözlənilir.




