ABŞ ŞİRKƏTLƏRİ 8 MİLYARD DOLLAR YATIRACAQ

ABŞ ŞİRKƏTLƏRİ 8 MİLYARD DOLLAR YATIRACAQ AMERİKA ENERJİ NƏHƏNGLƏRİ AZƏRBAYCANA GƏLİR
Bakıda ABŞ nümayəndə heyəti ilə Azərbaycan tərəfi arasında keçirilən görüş və kommersiya müqavilələrinin imzalanmasından sonra Amerika şirkətlərinin Azərbaycana 8 milyard dollar həcmində sərmayə yatıracağı açıqlanıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
İnvestisiyaların əsasən enerji sektoruna yönələcəyi bildirilir.ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orr bildirib ki, ölkəsi Azərbaycanın Orta Dəhlizdə mühüm enerji qovşağına çevrilməsini dəstəkləyəcək. O qeyd edib ki, əməkdaşlıq enerji ilə yanaşı, logistika və nəqliyyat sahələrinin inkişafına da töhfə verəcək.İnvestisiya layihələrində Amerikanın enerji şirkətləri olan Chevron və ExxonMobil də iştirak edəcək. Hələlik şirkətlərin hər birinin nə qədər vəsait yatıracağı açıqlanmayıb. Bildirilir ki, Chevron Bakı Enerji Həftəsi çərçivəsində yeni neft və qaz yataqlarının kəşfiyyatı ilə bağlı müqavilə imzalayıb. ExxonMobil isə 2025-ci ildə Azərbaycanda yeni yataqların araşdırılması üçün memorandum bağlayıb. Qeyd edək ki, ikitərəfli iqtisadi dialoq bu ilin fevral ayında ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalandığı bildirilən Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində aparılır.





