ŞİRKƏTLƏRƏ 180 GÜNƏDƏK MÖHLƏT VERİLƏCƏK
MALİYYƏ İCARƏSİ ÜZRƏ YENİ QAYDALAR MÜƏYYƏNLƏŞİR
Azərbaycanda maliyyə icarəsi ödənişləri ilə bağlı yeni qaydalar müəyyənləşdirilir.FED.az xəbər verir ki, bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılan “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsində əksini tapıb.Layihəyə əsasən, maliyyə icarəsi ödənişlərinə lizinq obyektinin alınması xərcləri, vergi və gömrük rüsumları, çatdırılma və istismara verilmə xərcləri daxildir. Bundan əlavə, maliyyələşmə üzrə faizlər, icarəyə verənin gəliri, sığorta xərcləri və göstərilən əlavə xidmətlərə görə ödənişlər də ümumi məbləğə daxil ediləcək.Qanun layihəsində qeyd olunur ki, ödənişlərin məbləği və qaydası tərəflər arasında bağlanan lizinq müqaviləsi ilə müəyyən ediləcək.İcarəçinin ödəniş öhdəliyi, əks hal nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahib olduğu andan qüvvəyə minir. Eyni zamanda müqavilədə ödənişlər üçün 180 günədək möhlət verilməsi də nəzərdə tutula bilər.Ödənişlər birbaşa icarəyə verənin hesabına köçürüləcək.Onu da deyək ki, “Maliyyə icarəsi haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı milli qanunvericilikdən “lizinq” anlayışının çıxarılması nəzərdə tutulur. Bildirilib ki, beynəlxalq termin olan “leasing” sözü dilimizə tələffüz olunduğu kimi keçib, “lizinq” kimi ifadə olunub, hazırda təqdim olunan qanun layihəsində isə onun “maliyyə icarəsi” kimi işlədilməsi məqsədəuyğun hesab edilib.




