Həkimlərin maaşında böyük artım

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisinin əməkhaqqı artırılır. Yeni qaydalar 1 sentyabr 2026-cı ildən tətbiq olunacaq.İslahat nəticəsində TƏBİB üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq. Ən əsas maaş artımları belə olacaq. Ailə və sahə həkimləri: 1 150 manatdan 2 000 manata – 850 manat artım. Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimləri: 1 550 manatdan 2 200 manata. Tibb mərkəzlərinin təcili yardım şöbələrində çalışan həkimlər: 1 550 manatdan 2 500 manata – 950 manat artım. 3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili yardım şöbələrində çalışan həkimlər: 2 100 manatdan 3 000 manata. Regionlarda uşaq anestezioloq-reanimatoloqlar: 1 450 manatdan 3 000 manata – 107 faiz artım. Neonatoloqlar: 1 450 manatdan 2 400 manata. Hemodializ həkimləri: 1 450 manatdan 2 250 manata. Kadr çatışmazlığı olan regionlarda mama-ginekoloq, neyrocərrah, uşaq cərrahı, ürək-damar cərrahı, üz-çənə cərrahı və travmatoloqlar: 1 450 manatdan 2 150 manata. 3B kateqoriyalı tibb müəssisəsində baş tibb bacısı: 1 454 manatdan 2 125 manata. Bundan başqa, 36 041 orta tibb işçisinin maaşı 17 faiz, 20 367 kiçik tibb işçisinin maaşı isə 18 faiz artırılacaq. Regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə çalışan həkimlər üçün əlavə bonus mexanizmi də tətbiq ediləcək. Həmçinin həkimlərin əlavə ödənişləri tibbi xidmətin keyfiyyəti və pasiyent məmnuniyyəti ilə əlaqələndiriləcək. İslahatın məqsədi tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq, həkimləri regionlarda işləməyə stimullaşdırmaq və tibbi xidmətlərin keyfiyyətini artırmaqdır.





