“GREEN CARD” DAYANDIRILIR?
ABŞ-YƏ GETMƏK İSTƏYƏNLƏR ÜÇÜN ŞOK QƏRAR
ABŞ “Green Card” lotereyasını müvəqqəti olaraq dayandırır. Bu barədə ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem “X” sosial şəbəkəsindəki hesabında yazıb. Nazir buna səbəb kimi Braun Universitetindəki atışmada şübhəli bilinən Klaudio Manuel Nevesin 2017-ci ildə ölkəyə məhz bu proqram vasitəsilə gəlməsini göstərib. “Prezident Trampın göstərişi ilə mən dərhal ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə DV1 proqramlarını dayandırmaq barədə əmr verirəm ki, bu zərərli proqram səbəbindən amerikalılara artıq zərər dəyməsin”, – deyə o, yazıb. Xatırladaq ki, dekabrın 14-də ABŞ-nin Rod-Aylend ştatındakı Braun Universitetinin kampusunda baş verən atışma nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.




