ONDAN DÜNYADA CƏMİ BİR ƏDƏDDİR
NADİR “BUGATTİ”NİN REKORD QİYMƏTƏ SATILMASI GÖZLƏNİLİR
1920-ci illərdə Bugatti cəmi 160 ədəd Type 43 şassisi istehsal edib. Bu model dövrünün ən sürətli avtomobillərindən biri sayılıb. Bu şassilərdən yalnız biri belçikalı usta Ejen Matiss tərəfindən hazırlanan iki nəfərlik açıq kuzovla yığılıb. Avtomobili xüsusi edən də məhz budur. Unikal avtomobil may ayında İtaliyada keçiriləcək Broad Arrow hərracında satışa çıxarılacaq. Onun 2,5–3,5 milyon avro təxminən 4,5–6,3 milyon manat qiymətə satılacağı gözlənilir. Avtomobil ilk sahibinə 1929-cu ildə müvəqqəti kuzovla verilib, indiki görünüşünü isə 1930-cu illərdə alıb. Zamanla bir neçə dəfə sahib dəyişib, hətta bir dövr Chevrolet mühərriki ilə istifadə olunub. Lakin 1980-ci illərdə avtomobil yenidən orijinal Bugatti mühərriki ilə bərpa edilib. Son 45 il ərzində bu nadir Bugatti Type 43 Böyük Britaniyada şəxsi kolleksiyada saxlanılıb. Mexaniki hissələri tam orijinal vəziyyətə qaytarılıb, salonu isə qəsdən klassik üslubda qorunub. Avtomobilin bütün tarixi və orijinallığını təsdiqləyən sənədləri mövcuddur, bu da onun dəyərini daha da artırır.




