AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
DÜNYANIN 89 ÖLKƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ APARILIB
Dünyada rahat və təminatlı pensiya həyatı üçün ən uyğun ölkələrin siyahısı açıqlanıb. Modern.az xəbər verir ki, ümumilikdə 89 ölkə qiymətləndirilib və onlar sosial rifah, səhiyyə sistemi, yaşayış xərcləri, vergi mühiti və iqlim kimi əsas meyarlar əsasında sıralanıb. Reytinqə əsasən, Azərbaycan 81-ci yerdə qərarlaşıb. Ölkəmiz pensiya üçün əlverişlilik baxımından siyahının son hissəsinə yaxın yerləşdirilib. Məsələn, Polşa 38, Rumıniya 42, Bolqarıstan 46, Çexiya isə 48-ci yerdədir. Baltik ölkələri də Azərbaycandan irəlidədir. Latviya 57, Estoniya 66, Litva isə 68-ci yerdə qərarlaşıb. Keçmiş sovet ölkələri arasında Azərbaycanın mövqeyi idealdır. Ukrayna 85, Belarus 87, Rusiya isə 88-ci yerdədir. Türk dövlətləri arasında fərqlər daha diqqətçəkəndir. Türkiyə 33-cü yerdə olmaqla liderdir. Qazaxıstan 77-ci, Özbəkistan isə 84-cü yerdədir. Siyahıda Azərbaycanın yerləşdiyi yer daha çox inkişaf etməkdə olan ölkələrlə üst-üstə düşür. Serbiya 76, Oman 78, Kamerun 79, Zimbabve 80, Əlcəzair 82-ci yerdədir. Reytinqin ilk pillələrində isə ənənəvi olaraq yüksək rifah və inkişaf səviyyəsi ilə seçilən ölkələr yer alır. İsveçrə birinci yerdədir. Onu Yeni Zelandiya, Portuqaliya, Avstraliya və İspaniya izləyir. Qeyd edək ki, araşdırmada əsas diqqət insanların yaşlılıq dövründə hansı ölkələrdə daha komfortlu və təhlükəsiz həyat sürə biləcəyinə yönəlib.




