SATIŞ VAR, AMMA İNAM YOXDUR
SAHİBKARLAR GƏLƏCƏKDƏN NARAHATDIRLAR
2026-cı ilin fevral ayında Azərbaycanda pərakəndə ticarət sahəsində vəziyyətlə bağlı göstəricilər açıqlanıb.Yeniavaz.com Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, fevral ayında pərakəndə ticarət sektorunda inam indeksi mənfi 3,7 olub.
Bu isə o deməkdir ki, sahibkarların gələcəklə bağlı gözləntiləri əvvəlki ilə nisbətən pisləşib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu göstərici müsbət 10,5 idi.Bununla belə, son 3 ay ərzində satışların artdığı görünür. Faktiki satış göstəricisi müsbət 23,8 olub və bu da 2025-ci illə müqayisədə bir qədər yaxşıdır.Digər tərəfdən, mal ehtiyatları azalıb. Bu göstərici mənfi 12,5 olub. Bu isə o deməkdir ki, ya anbarlarda məhsul azalıb, ya da sahibkarlar ehtiyat toplamaqda daha ehtiyatlı davranırlar.
Ən diqqətçəkən məqam isə gələcək gözləntilərlə bağlıdır. Sahibkarlar növbəti 3 ayda satışların kəskin azalacağını düşünürlər. Bu göstərici mənfi 47,4 olub.Eyni zamanda, qiymətlərlə bağlı gözləntilər də dəyişib. 2025-ci ildə qiymətlərin düşəcəyi gözlənildiyi halda, bu il qiymət artımı gözlənilir. Bu da bazarda inflyasiya riskinin artdığını göstərir.Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı da yaxın günlərdə 2026-cı il üçün inflyasiya proqnozunun artırıla biləcəyini açıqlayıb.




