“BİZNES TV”NİN TƏSİS EDİLMƏSİNDƏN 2 İL ÖTÜR
“BİZNES TV” ÜÇÜN XÜSUSİ GÜN
TELEVİZİYANIN TƏSİS OLUNMASINDAN 2 İL ÖTÜR
“Biznes TV”nin təsis edilməsindən 2 il ötür. İqtisadi, biznes sahəsində fəaliyyət göstərən “Biznes TV” 2024-cü il aprelin 25-də – “Sahibkarlar Günü”ndə təsis olunub. Həmin ilin 18 oktyabrında isə Audiovizual Şuranın qərarı ilə “Platforma yayımçısı” lisenziyası əldə edib. Televiziya “İş dünyasına açılan pəncərə” devizi ilə 2025-ci ilin may ayından etibarən faktiki fəaliyyətə başlayıb. Həmin ilin avqust ayından 24 saat canlı yayımdadır. Əvvəlcə internet televiziyası formatında fəaliyyət göstərən kanal sonradan kabel operatorları vasitəsi ilə yayım həyata keçirir. Kanal izləyicilərinə ən son iqtisadi xəbərləri çatdırmaqla yanaşı, biznesə aid təhlillər və ekspert rəylərini təqdim edir. Qısa müddət ərzində geniş auditoriya toplayan “Biznes TV”nin sosial media platformalarındakı nəticələri kanalın qazandığı uğurların göstəricisidir. Belə ki, 2026-cı ilin mart ayı ərzində “Biznes TV”nin “YouTube” platformasındakı paylaşımları 5 milyondan çox baxış toplayıb. Aprel ayında isə bu baxışlar 6 milyonu keçib. Bununla da “Biznes TV” “Youtube”un Azərbaycan seqmentində mart ayında ən çox izlənən 10 kanaldan biri olub. İzləyicilərin “Biznes TV”yə olan marağını digər platformalardakı baxış saylarında da görmək mümkündür. Belə ki, mart ayında “TikTok”da 21 milyondan, “İnstagram”da 11 milyondan, “Facebook”da isə 3 milyondan çox baxış qeydə alınıb.
Bu nəticə ixtisaslaşan kanal olan “Biznes TV”nin biznes və iqtisadi mövzulara maraq göstərən geniş auditoriya tərəfindən izlənildiyini və kanalın qısa zamanda rəqəmsal mediada təsirinin sürətlə artdığını göstərir.
Qeyd edək ki, “Biznes TV” “CityNet”, “Katv1”, “Yoda.az”, “SNTV”, “Rahat telekom”, “Kontakt TV”, “Kinon”, “Connect TV”, “Bulud TV” kimi platformalarda 24 saat canlı yayımlanır.




