ON İLDƏN ÇOX HEYVANLARI İZLƏDİ
QUŞLARIN DİLİNİ BAŞA DÜŞƏN ALİMƏ 100 MİN DOLLAR VERİLDİ
Kaliforniya Universitetinin tədqiqatçısı Culi Eli quşların ünsiyyət səslərini deşifrə edən araşdırmasına görə 2026-cı il Koller-Dulitl Mükafatına layiq görülüb. Bu barədə “The Guardian” qəzeti məlumat yayıb
Alim mükafat çərçivəsində 100 min dollar qazanıb. O, quşların 11 fərqli səsini müəyyən edərək onların hansı məna daşıdığını araşdırıb.
Tədqiqatın nəticələrinə görə, quşlar müxtəlif səslərlə həm kim olduqlarını, həm də nə etdiklərini bildirirlər. Məlum olub ki, onlar bir-birlərini fərdi səs “imzaları” ilə tanıyır və siqnalların mənasını ayırd edə bilirlər.Culi Eli on ildən çox müddətdə quşları müşahidə edib, səslərini qeydə alıb və onların mənasını müəyyən etmək üçün süni intellektdən istifadə edib. Daha sonra əldə olunan nəticələri müxtəlif təcrübələrlə təsdiqləyib.
Koller-Dulitl Mükafatı 2024-cü ildə britaniyalı maliyyəçi Ceremi Kollerin fondu və Tel-Əviv Universiteti tərəfindən təsis edilib. Fond, həmçinin insanlar və heyvanlar arasında tam ikitərəfli ünsiyyətin qurulmasına nail olacaq tədqiqat üçün 10 milyon dollarlıq xüsusi mükafat da elan edib.

