AZƏRBAYCANDA SÜRÜCÜSÜZ NƏQLİYYAT DÖVRÜ BAŞLAYIR
AZƏRBAYCANDA SÜRÜCÜSÜZ NƏQLİYYAT DÖVRÜ BAŞLAYIR
YALNIZ XÜSUSİ ƏRAZİLƏRDƏ HƏRƏKƏT EDƏ BİLƏCƏKLƏR
Azərbaycanda avtomobil, qatar, metro, tramvay, gəmi və təyyarələr də daxil olmaqla müxtəlif nəqliyyat növlərində avtonom -yəni sürücüsüz sistemlərin tətbiqi nəzərdə tutulur.Bununla bağlı bir sıra qanunlara dəyişiklik layihəsi Milli Məclisdə müzakirə edilib. Layihənin məqsədi ölkədə avtonom nəqliyyat vasitələrinin istifadəsi üçün hüquqi və texniki baza yaratmaqdır.
Təklif olunan dəyişikliklərə əsasən, qanunvericiliyə “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” kimi yeni anlayışlar əlavə ediləcək. Avtonom nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatından keçdikdən sonra xüsusi müəyyən edilən ərazilərdə istifadə oluna biləcək.Bu nəqliyyat vasitələrinə nəzarət edən operatorlar xüsusi şəhadətnamə almalı olacaqlar. Şəhadətnamə 5 il müddətinə veriləcək və buna görə 20 manat dövlət rüsumu ödəniləcək. Layihədə həmçinin məsafədən idarəetmə mərkəzlərinin yaradılması, məlumatların real vaxt rejimində dövlət sisteminə ötürülməsi və ən azı 6 ay saxlanılması nəzərdə tutulur.Avtonom nəqliyyat vasitələri istifadəyə verilməzdən əvvəl xüsusi sınaqlardan keçiriləcək. Qəza və ya zərər hallarında isə məsuliyyətin mülkiyyətçi, operator, istismarçı və istehsalçı arasında necə bölüşdürüləcəyi müəyyən ediləcək.Bundan əlavə, sürücüsüz avtomobillər üçün xüsusi tanınma nişanı tətbiq olunacaq. Mülki təyinatlı pilotsuz uçuş aparatlarının istifadəsi isə xüsusi icazə tələb edən fəaliyyətlər siyahısına daxil ediləcək.




