Maliyyə Nazirliyində mühüm təyinat

Rəşad Həsənov Azərbaycanın maliyyə nazirinin müşaviri vəzifəsinə təyin olunub. Trend xəbər verir ki, Rəşad Həsənov Beynəlxalq Valyuta Fondu və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. Qeyd edək ki, Rəşad Həsənov makro-fiskal siyasət və dövlət maliyyəsinin idarə olunması sahəsində 15 ildən artıq təcrübəyə malikdir. O, Beynəlxalq Valyuta Fondunda İcraçı direktorun müşaviri vəzifəsində çalışıb, həmçinin Azərbaycanı BVF və Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şuralarında təmsil edib. Bundan əvvəl Azərbaycan Maliyyə Nazirliyində rəhbər vəzifələrdə çalışan Həsənov dövlət maliyyəsinin idarə olunması sahəsində bir sıra islahatların hazırlanması və həyata keçirilməsində iştirak edib. Rəşad Həsənov "Harvard Kennedy School"da Dövlət İdarəçiliyi üzrə magistr dərəcəsi alıb.





