QANUNA GÖRƏ PARLAMENTDƏ MÜBAHİSƏ DÜŞDÜ
“KRAUDFANDINQ” ADI FİKİR AYRILIĞINA SƏBƏB OLDU
“Qanunun qəbulu mövcud qanunvericiliyə bir sıra yeni anlayışlar gətirir və bunlar beynəlxalq anlayışlardır. Bu anlayışlarla dilimiz daha da zənginləşir. Biz anlayışları dəyişdirsək, Azərbaycan dilində hansısa sözlə əvəz etsək, bütövlükdə bu qanunların effektivliyinə mane olarıq”. APA xəbər verir ki, bunu Milli Məclisin iclasında komitə sədri Əli Hüseynli “Kraudfandinq haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsində deputatların qanunun adının dəyişdirilməsi, beynəlxalq terminlərin Azərbaycan dilində qarşılığı ilə əvəz edilməsi barədə təkliflərinə münasibət bildirərkən deyib. Qeyd edib ki, bu qanunlar həm Azərbaycan vətəndaşları, həm də investorlar üçündür: “Onsuz da bizim qanunvericiliyimizdə kifayət qədər bu cür anlayış var. Əsas odur ki, həmin anlayışların bu qanunda izahatları da verilib”. Sədr Sahibə Qafarova da həmkarının fikrini dəstəkləyib. Deputat Hikmət Babaoğlu isə “Kraudfandinq” termininin anlaşılan olmadığını deyib: “Bu termin dilimizə yaddır. Bu gün dilimiz üzərində təzyiq yaradan əsas vasitələrdən biri də bu terminlərdir.
“Kraudfandinq” sözünün tərcümədən mənası kollektiv maliyyələşdirmə və ya ictimai maliyyələşdirmədir. Əgər mümkündürsə, qanunvericilik təşəbbüsü ilə çıxış edən subyekt razıdırsa, bunu dəyişərək “Kollektiv maliyyələşdirmə haqqında” və ya “İctimai maliyyələşdirmə haqqında” qanun edək”. Parlamentin komitə sədri Azər Əmiraslanov da qanunun adının dəyişdirilməsi ilə bağlı təklifə münasibət bildirib. “Biz bu adları nə qədər milliləşdirməyə cəhd edəcəyiksə, müəyyən uğursuzluğumuz ola bilər. Gərək, bunu tam dəqiq ifadə edək. Təhrif edilmiş adlar qanunun mahiyyətini təhrif edə və bizi əsas məqsəddən uzaqlaşdıra bilər”, – deyə o vurğulayıb. Bunun ardınca deputat Hikmət Babaoğlu yenə də söz istəyib və komitə sədrindən “ictimai” və “kütləvi” sözünün fərqini izah etməsini xahiş edib. Milli Məclisin Sədri Sahibə Qafarova isə məsələnin işçi qaydada müzakirəsinin davam etdirilməsini tövsiyə edib.

