SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏR
İKİ NƏFƏR HƏBSDƏN AZAD EDİLDİ
İş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aralarında məşhur şəxslərin də olduğu 5 nəfər mühakimə edilib. Onlardan yalnız iki nəfəri həbsdə idi. Dəstə üzvlərinin hər biri xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il 6 aydan 13 ilə kimi həbs edilmələri tələb olunub. Amma təqsirləndirilən şəxslər zərərçəkmişə dəyən 4 milyon manatdan bir az artıq ziyanı tam ödəyiblər. Nəticədə Qubat Beybutovla barışıq əldə olunub. Lakin, məhkəmə bunun müttəhimlərin azadlıqdan məhrum edilmələri üçün əsas görməyib. Hökmə əsasən, 3 nəfərə sınaq müddəti seçilməklə şərti cəza verilib. Bu vaxta kimi həbsdə olan 2 nəfər isə məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, qrup üzvləri tikinti şirkətinin rəhbəri Quvat Beybutova paytaxtın Nəsimi rayonunda 968-ci məhəllədə yerləşən fərdi yaşayış evlərinin sökülməsi və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınacağını vəd ediblər. Bunun qarşılığında zərərçəkmişdən müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 19 min manat pul alınıb.

