ELDAR ƏZİZOV MÜŞAVİRƏ KEÇİRDİ
ÜÇ RAYONUN İCRA BAŞÇISI KƏSKİN TƏNQİD OLUNDU
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edib və bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. O paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edib. Toplantıda şəhərin təsərrüfat məsələləri və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri, qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.Həmçinin rayonlarda qanunsuz tikintilərin monitorinqinin nəticələrinə dair görüntülər də təqdim edilib. Bu kimi halların əsasən paytaxtın Sabunçu, Qaradağ, Xəzər və digər rayonlarında aşkarlandığı bildirilib. Neqativ hallarla mübarizə aparmaq üçün müvafiq tapşırıqlar verilib.




