YAXIN ŞƏRQ ALOV İÇİNDƏ
“ƏMƏLİYYATLAR VAŞİNQTON MƏQSƏDİNƏ ÇATANA QƏDƏR DAVAM EDƏCƏK”
İran Silahlı Qüvvələri Küveytdəki ABŞ-nin Əli əs-Salem hərbi bazasına və Şimali Hind okeanındakı düşmən gəmilərinə raket zərbəsi endirib. Bu barədə İran ordusunun bəyanatında deyilir. İranın dövlət televiziyası isə məlumat yayıb ki, Bəhreyndə yerləşən Amerika hərbi bazası və İraqın Ərbil şəhərindəki ABŞ konsulluğu dağıdılıb.Tehranda da ardıcıl partlayış səsləri eşidilib. Şəhər üzərindən qatı duman yüksəlib. Bundan başqa, sosial şəbəkələrdə yayımlanan videoda İranın dövlət yayım qurumu olan İran Teleradio Korporasiyasının binasına endirilən zərbələrdən sonra ərazidən böyük alov yüksəldiyi görünür. ABŞ hərbçiləri tərəfindən yayımlanan videoda isə İranın ballistik raketlərinin zərbələrlə məhv edildiyi əks olunub. Bazar günü ABŞ Mərkəzi Komandanlığı kampaniyanın başlanmasından bəri Amerika hərbçilərinin 1000-dən çox İran hədəfinə zərbə endirdiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə yeni videomüraciətində İranda döyüş əməliyyatlarının davam etdiyini və Vaşinqtonun bütün məqsədlərinə çatana qədər bunu davam edəcəyini bildirib.




