İSRAİL VƏ ABŞ-DƏN İRANA SƏRT MESAJ
“YEKUN RAZILAŞMA URANIN ÖLKƏDƏN ÇIXARILMASINI NƏZƏRDƏ TUTMALIDIR”
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla İranın nüvə proqramı ilə bağlı danışıqlar apardığını açıqlayıb. O, bu barədə “X” hesabında yazıb. Netanyahu bildirib ki, tərəflər İranın yaratdığı nüvə təhlükəsinin tam aradan qaldırılması məsələsində eyni mövqedən çıxış edirlər. “Prezident Tramp və mən razılaşdıq ki, İranla hər hansı yekun saziş nüvə təhlükəsini aradan qaldırmalıdır. Bu isə İranın uranı zənginləşdirmə obyektlərinin ləğvini və zənginləşdirilmiş nüvə materialının ölkə ərazisindən çıxarılmasını nəzərdə tutur. Prezident Tramp həmçinin İsrailin bütün cəbhələrdə, o cümlədən Livandan gələn təhdidlərə qarşı özünü müdafiə etmək hüququnu bir daha təsdiqlədi”- deyə Netanyahu vurğulayıb.




