BİNALAR ÜÇÜN ENERJİ PASPORTU MƏCBURİ OLACAQ
PASPORT NƏ ÜÇÜNDÜR VƏ NECƏ ALINACAQ?
Nazirlər Kabineti “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nı təsdiqləyib. Yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Apa xəbər verir ki,Bununla əlaqədar 2014-cü ildə qəbul edilən tikinti obyektlərinin enerji səmərəliliyinə dair əvvəlki qərar ləğv olunub.Yeni qaydalara əsasən, yenidən qurulan və ya əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün enerji effektivliyi pasportunun alınması məcburi olacaq. Digər binalar üçün isə bu pasport könüllü qaydada əldə edilə bilər.
Bu pasport binanın enerjidən nə qədər səmərəli istifadə etdiyini göstərən rəsmi sənəddir. Sənəddə binanın enerji effektivliyi sinfi müəyyən edilir. Bu qiymətləndirmə binanın istilik izolyasiyası, enerji sərfiyyatı, isitmə və soyutma sistemlərinin səmərəliliyi kimi göstəricilər əsasında aparılır.
Pasport binanın sahibi və ya idarəçisinin müraciəti əsasında hazırlanacaq. Qiymətləndirməni yalnız müvafiq lisenziyaya malik mütəxəssislər həyata keçirəcək. Bütün məlumatlar Enerji Effektivliyi İnformasiya Sistemində qeydiyyata alınacaq.
Qaydalara görə, istismarda olan binalar yenidən qurularkən və ya əsaslı təmir edilərkən onların enerji effektivliyinin artırılması layihələndirmə mərhələsində nəzərə alınmalıdır.Yeni qaydaların məqsədi binalarda enerji itkilərini azaltmaq, enerji resurslarına qənaət etmək və daha səmərəli tikinti standartlarının tətbiqini təmin etməkdir.

