Gəncədə fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” hərraca çıxarılıb.
“Qafqazinfob” xəbər verir ki, obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir.
Avqustun 11-də baş tutacaq ilk hərracda bazarın minimum satış qiyməti 15,640,000 AZN-dir.
Bazarın Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir.
Xatırladaq ki, bundan əvvəl Elmar Vəliyevə məxsus 20 hektar ərazidə yerləşən “Grand Qafqaz Ticarət Kompleksi” banka olan kredit borcuna görə hərraca çıxarılıb. Bankdan götürülən 5 milyon manatlıq kreditin 3 milyon 800 mini qaytarılmayıb.
Bank bu vəsaitlə yanaşı, 99 min 996 manat faiz borcu gecikmənin hər günü üçün illik 30 faiz dərəcəsi hesablanmaqla və 250 min 589 manat da cərimə olmaqla, ümumilikdə 4 milyon 182 min manat pul tələbi ilə məhkəmədə iddia qaldırmışdı. Tələb olunurdu ki, məhkəmə borcun girov qoyulan əmlakın yönəldilməsinə qərar versin.

