ABŞ VƏ İSRAİLİN İRANLA MÜNAQİŞƏSİ DÜNYA ŞİRKƏTLƏRİNƏ AZI 25 MİLYARD DOLLAR ZƏRƏR VURUB
AVİAŞİRKƏTLƏR MÜNAQİŞƏDƏN ƏN ÇOX ZİYAN GÖRƏN SEKTORLARDANDIR
ABŞ və İsrailin İranla davam edən münaqişəsi dünya üzrə şirkətlərə ciddi maliyyə itkiləri yaşadıb. Röyters agentliyinin təhlilinə əsasən, korporativ itkilərin ümumi həcmi ən azı 25 milyard dolları ötüb və artmaqda davam edir.Məlumata görə, ABŞ, Avropa və Asiya birjalarında fəaliyyət göstərən yüzlərlə şirkət enerji qiymətlərinin kəskin artması, tədarük zəncirlərində pozulmalar və ticarət marşrutlarının çətinləşməsi ilə üzləşib. Xüsusilə İranın Hörmüz boğazına nəzarəti vəziyyəti daha da gərginləşdirib.Araşdırmada qeyd olunur ki, azı 279 şirkət münaqişəni birbaşa maliyyə itkilərinin əsas səbəbi kimi göstərib. Bir sıra şirkətlər qiymət artımı, istehsalın azaldılması, işçi ixtisarı və investisiya planlarının dondurulması kimi addımlar atmağa məcbur qalıb.Ən böyük zərər aviasiya sektoruna dəyib. Hesablamalara görə, bu sahədə itkilər təxminən 15 milyard dollar təşkil edir.Avtomobil və istehlak məhsulları sektorunda fəaliyyət göstərən iri şirkətlər də vəziyyətin təsirini hiss edir. “Toyota” 4,3 milyard dollar, “Procter & Gamble” isə 1 milyard dollar həcmində mümkün zərər barədə xəbərdarlıq edib. “McDonald’s” və digər qlobal brendlər isə tədarük zəncirində problemlərin davam edəcəyini bildirirlər.




