BİZNES İDEYALARINI MALİYYƏLƏŞDİRMƏYİN YENİ YOLU RƏSMİLƏŞİR
AZƏRBAYCANDA KRAUDFANDİNQİN HÜQUQİ BAZASI YARADILIR
Azərbaycanda kraudfandinq ilk dəfə qanunla tənzimlənəcək.Məsələ Milli Məclisdə müzakirəyə çıxarılan “Kraudfandinq haqqında” qanun layihəsində əksini tapıb.
Belə ki, qanun layihəsi ilə Azərbaycanda ilk dəfə səhm və borc əsaslı kraudfandinq institutunun hüquqi bazası yaradılır. Layihəyə əsasən, investorlardan pul vəsaitlərinin kraudfandinq platformaları vasitəsilə cəlb edilməsi, platforma operatorlarının fəaliyyəti, dövlət tənzimlənməsi və bu sahəyə nəzarət mexanizmləri müəyyən edilir.Qanunun məqsədi startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin alternativ maliyyə mənbələrinə çıxışını genişləndirmək, onların informasiya texnologiyalarından və kapital bazarının imkanlarından istifadə etməklə daha operativ maliyyələşməsinə şərait yaratmaq, eyni zamanda investorların hüquqlarını qorumaqdır. Qeyd edək ki,kraudfandinq çox sayda insandan kiçik məbləğlərlə vəsait toplayaraq hər hansı bir layihənin, biznes ideyasının, məhsulun və ya sosial təşəbbüsün maliyyələşdirilməsi üsuludur. Başqa sözlə, bir nəfərin və ya bir bankın böyük məbləğdə maliyyə ayırması əvəzinə, yüzlərlə və ya minlərlə insan kiçik məbləğlərlə həmin layihəyə dəstək verir.
Pulu yatıran şəxsin qazancı kraudfandinq modelindən asılıdır. O, layihənin məhsulunu əvvəlcədən əldə edə, maliyyələşdirdiyi şirkətdə pay sahibi ola, verdiyi borca görə faiz qazana və ya heç bir maddi gəlir gözləmədən sosial məqsədlə dəstək göstərə bilər.

