PREZİDENT İLHAM ƏLİYEV SƏRƏNCAM İMZALAYIB
2030-CU İLƏ QƏDƏR KƏND TƏSƏRRÜFATI SAHƏSİNİN İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMI TƏSDİQLƏNİB
Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramıtəsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, Nazirlər Kabineti kənd təsərrüfatı və emal sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də buğda, pambıq və heyvandarlıq təsərrüfatları üçün torpaq təyinatlarının dəyişdirilməsi üzrə tədbirlər görəcək.Kənd Təsərrüfatı Nazirliyi buğda, pambıq və heyvandarlıq məhsullarının istehsalı təsərrüfatlarının yaradılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısını,
İqtisadiyyat Nazirliyi isə təsərrüfatların kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə faiz subsidiyalarının verilməsi və investisiya layihələrinin dəyərinin subsidiyalaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.Bundan başqa, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkə üzrə bütün heyvandarlıq təsərrüfatlarında mövcud olan iribuynuzlu və xırdabuynuzlu heyvanların birdəfəlik identifikasiyasının dövlət büdcəsinin vəsaiti hesabına aparılmasını, müvafiq məlumatların “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sisteminə daxil edilməsini və “Elektron kənd təsərrüfatı” informasiya sisteminə ötürülməsini təmin etməlidir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzərdə tutulan təsərrüfatların su təminatının təkmilləşdirilməsi məqsədilə zəruri tədbirlər görməlidir. Proqramın icrasına nəzarət isə müvafiq dövlət qurumları tərəfindən aparılacaq.




